Suriyada “Əl-Qaidə”yə bağlı Heyət Təhrir əş-Şam (HTŞ) terror təşkilatının rəhbərlik etdiyi ünsürlər ölkəni ələ keçirdikdən sonra silahlı hücumlar, qətllər, talan və soyğunların sayında artım müşahidə olunub.
Az.rasthaber.com xəbər verir ki, Almaalomah xəbər saytının məlumatına görə, ölkədə hər 10 dəqiqədən bir adam oğurluğu, sui-qəsd və ya talan məqsədi ilə silahlı hücum baş verir.
Xəbərdə ölkənin qərbindəki sahil bölgələrində azlıqlara qarşı zorakılığın şiddətləndiyi bildirilib.
Bəşər Əsəd administrasiyasının devrilməsindən sonra xüsusilə Ələvilərin yaşadığı bölgələrdən evlərə basqınlar, yağmalanmalar, qadınların təqib edilməsi və edam şikayətləri artıb, Həma əyalətində xristianların Milad ağacları yandırılıb.
Suriyanın ortasındakı Həmada daha əvvəl iki kilsə və Patriarxlığa hücum edildikdən sonra, ötən gecə xristianların sıx yaşadığı Suqaylabiya bölgəsindəki meydanda qurulan nəhəng Milad ağacı maskalı, silahlı şəxslər tərəfindən yandırılıb. Bunun qarşısını almağa çalışanların silahla hədələndiyi bildirilib.
Həma, paytaxt Dəməşq və Homsdakı xristianlar Suqaylabiya ilə həmrəy olaraq cihadçı ünsürlərə etiraz ediblər.
Terror təşkilatı HTŞ ölkədəki etnik və dini azlıqlara hörmətlə yanaşacaqlarını iddia edib.