“Atəşkəs Səudiyyə Ərəbistanının dərinliklərindəki hücumlarımızdan sonra əldə olundu".
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu “Yəmənin Ali Siyasi Şurası”nın (husilər) üzvü Məhəmməd əl-Buxeyti tvitter səhifəsində yazıb.
Yəməndə iki aylıq atəşkəsin elan edilməsi, paytaxt Səna şəhərində hava limanına və əl-Hudeyda dəniz limanına tətbiq edilmiş mühasirənin dayandırılmasına toxunan husilərin rəsmisi bildirib ki, son atəşkəs razılaşması Səudiyyə Ərəbistanın dərinliklərində həssas mövqelərə hücumlar nəticəsində əldə edilib.
"Yəmənin Ali Siyasi Şurası"nın üzvü Məhəmməd əl-Buxeyti atəşkəsin Yəməndə davamlı və hərtərəfli sülhə gətirib çıxarması istiqamətində "təcavüzkar koalisiya ölkələri"nin siyasi mövqelərini yenidən nəzərdən keçirmələri üçün bir fürsət olduğunu deyib.
Qeyd edək ki, tərəflər Yəmənin bütün cəbhələrində iki aylıq atəşkəs elan ediblər.
İran, ABŞ, BMT və sair dövlətlər bu atəşkəs razılaşmasını alqışlayıblar.