İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqda olması üçün heç bir səbəb olmadığını bildirib.
Sudani Bağdaddakı Hökumət Sarayında təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
AA xəbərinə görə, İraqda təhlükəsizlik vəziyyətinin sabit olduğunu və təhlükəsizlik qüvvələrinin təhlükəsizliyi təmin etmək üçün kifayət qədər gücə malik olduğunu ifadə edən Sudani bildirib:
"İŞİD İraq üçün artıq təhlükəsizlik riski və təhlükəsi yaratmır. İŞİD bitdi, bir daha geri dönməyəcək".
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin aid olduğu ölkələrlə təhlükəsizlik başda olmaqla bütün sahələrdə ikitərəfli əlaqələr səviyyəsinə keçmək istədiklərini ifadə edən Sudani:
"Artıq koalisiya qüvvələrinin İraqda olması üçün heç bir səbəb yoxdur. Biz bu qüvvələrin mənsub olduğu ölkələrlə tərəfdaşlıq əsasında ikitərəfli əlaqələr qura bilərik".
Yanvarın 25-də İraq ABŞ administrasiyası ilə İŞİD terror təşkilatına qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi missiyasına son qoyulması və koalisiya müşavirlərinin tədricən ixtisarına dair vaxt cədvəlinin yaradılması ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.
İraq Xarici İşlər Nazirliyi ABŞ və İraq hökumətləri arasında 2023-cü ilin avqustundan davam edən danışıqların raundlarının uğurla başa çatdığını bildirib.