Hindistan Kəşmir vilayətində sistematik şəkildə insan haqqlarını pozur.
Beynəlxalq Birlik narahatlığını dilə gətirməli və Hindistanı bu sahədə addım atmağa çağırmalıdır.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Kəşmirdə son vəziyyəti dəyərləndirərkən bildirib.
"Hindistan BMT nümayəndələri, müstəqil jurnalistlər, humanitar təşkilatlar, xarici ölkələrdən olan müşahidəçilərin işğal altında olan Cəmmu və Kəşmirə daxil olmasına icazə vermir, oradakı ağır vəziyyəti dünyanın görməsini istəmir", - deyə səfir qeyd edib.
Bilal Haye xatırladıb ki, sentyabrın 12-i İslamabadda Hindistan tərəfindən qeyri-qanuni işğal olunan Cammu və Kəşmirdə baş verən müharibə cinayətləri haqqında sənəd təqdim olunub:
"131 səhifəlik sənəd üç fəsildən ibarətdir. Sənəddə Hindistanın törətdiyi müharibə cinayətləri, məhkəmədənkənar qətllər, özbaşına həbslər, işgəncələr, pellet silahından yaralanmalar, təcavüzlər, 100.000-dən çox uşağın yetim qalması, axtarış və kordon əməliyyatları, saxta bayraq əməliyyatları, saxta qarşıdurmalar , onları günahlandırmaq və müqavimət hərəkatına zərər vermək üçün günahsız sakinlərə qarşı silah istifadə olunması haqqında ətraflı məlumat yer alıb".
Səfirin sözlərin görə, Hindistan regionda demoqrafik vəziyyəti dəyişmək üçün ölkənin digər hissələrindən Cəmmu və Kəşmirə insanları köçürdür:
"2020-ci ildən bəri 4.2 milyon insan bu bölgəyə köçürülüb. Bununla da Hindistan regionda müsəlmanların sayını azaltmağa, Kəşmirin demoqrafik tərkibini dəyişməyə çalışır. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Azərbaycan da bu məsələ ilə üzləşib. Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır, dəstəkləyir".
Bilal Haye, həmçinin qeyd edib ki, Hindistanda İŞİD-in 5 təlim düşərgəsinin olmasına dair sübutlar var: "Hindistan bu terror təşkilatını maliyyələşdirir, onların təlim keçməsi üçün şərait yaradır".