Bir həftə ərzində 3 mindən artıq erməni Dağlıq Qarabağda yaşayış yerlərinə qayıdıb, münaqişə tərəfləri həlak olan 385 nəfərin cəsədini biri birinə təhvil verib
Rasthaber İnterfax-a istinadən xəbər verir ki, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Kəlbəcər rayonundan əhali kütləvi şəkildə Ermənistan ərazisinə gəlir. Eyni zamanda, Dağlıq Qarabağa əhalinin qayıdışı baş verir. Noyabrın 14-dən 3054 nəfər Dağlıq Qarabağa qayıdıb”, - Zaxarova cümə axşamı brifinqdə bildirib.
O əlavə edib ki, noyabrın 13-dən həlak olan 385 nəfərin cəsədi təhvil verilib, bu rəqəmə hər iki tərəfdən itkilər daxildir.
Zaxarova qeyd edib ki, Rusiya münaqişədən sonrakı nizamlanma üzrə işləri əlaqələndirərək, tərəflərlə daimi təmasda qalır.