Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşünə dair məlumat yayıb.
XİN Mətbuat xidməti idarəsindən bildirilir ki, 9 dekabr 2020-ci il tarixində İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.
Prezident Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə isti salamlarını və xoş arzularını çatdırıb. Prezident Həsən Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd edib. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.
İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını İran İslam Respublikasının Prezidentinin diqqətinə çatdırıb. Nazir dost və qonşu İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırılıb.
Nazir Bayramov İran XİN başçısı ilə də görüşüb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi ilə bağlı ətraflı məlumat verib.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif işğal olunmuş ərazilərin azad olunmasını alqışlayıb.
Tərəflər mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar.