İran İslam Respublikası prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında, iqtisadi mübarizədə İran xalqının müqavimətini yüksək dəyərləndirib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ruhani çıxışı zamanı deyib: "İran xalqının qələbəsi və bu iqtisadi müharibədə düşmənin qəti məğlubiyyətinin ən böyük təzahürlərindən biri Tramp dövrünün sona çatmasıdır".
Ruhani, ABŞ-ın hazırkı prezidentinin hakimiyyət dövrünün sona çatması və onun İran xalqına qarşı cinayətlərinə toxunaraq "Tramp tarixdə İran və Fələstin kimi müstəqil hökumətlər və millətlərə qarşı ən pis cinayətləri törədib", - deyə əlavə edib.
İran prezidenti, həmçinin Trampın beynəlxalq qurumlarda, hüquqi orqanlarda, əxlaq meyarlarında, dünya ictimaiyyətində və ABŞ-ın ictimai rəyində məğlub olmasını onun prezident seçkilərində nakam qalmasının amilləri kimi dəyərləndirib.
"ABŞ-ın növbəti hökuməti keçmişdəki səhvləri kompensasiya etmək üçün ABŞ-ın imicinə xələl gətirmiş bütün hərəkətlər qarşılığında böyük işlər görməlidir", deyə Ruhani vurğulayıb.
Ruhani sözlərinin davamında, İran İslam Respublikasının siyasəti olaraq, öhdəlik qarşısında öhdəlik və addım qarşısında addım prinsipinə toxunaraq deyib: "ABŞ-ın gələcək rəhbərlərində belə bir iradə olarsa, bəzi məsələlərin həlli çox asan olacaqdır".