Rəisi: İran ABŞ-ın təhdidlərini və sanksiyalarını fürsətə çevirdi

Rəisi: İran ABŞ-ın təhdidlərini və sanksiyalarını fürsətə çevirdi

Az.Rasthaber.com xəbər verir ki, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi deyib: "ABŞ sanksiyalar və təhdidlərə əl ataraq, İran millətini dayandırmaq istəyirdi, lakin İran milləti nəinki dayanmadı, əksinə bu təhdidləri və sanksiyaları qurmaq və inkişaf etmək üçün fürsətə çevirdi".

İran prezidenti çərşənbə günü səhər Venesuelaya səfəri başa çatdıqdan sonra Nikaraqua ilə əlaqələri inkişaf etdirmək və dərinləşdirmək məqsədi ilə bu ölkənin paytaxtı Manaquaya gəlib.

Seyid İbrahim Rəisi Nikaraqua prezidenti Daniel Orteqanın onun üçün təşkil etdiyi rəsmi qarşılanma mərasimindən sonra etdiyi çıxışında İran İslam İnqilabı və Nikaraqua İnqilabının eyni vaxtda qələbə çalması və bu iki inqilabın qarşılıqlı təsirinə toxunaraq, iki ölkədə imperializmlə mübarizənin milli qəhrəmanlarını ehtiramla yad edib.

Rəisi müstəqillik, azadlıq və ədalət istəyini İran və Nikaraqua xalqlarının inqilablarının ortaq xüsusiyyəti adlandırıb və əlavə edib ki, İran Nikaraqua ilə bütün sahələrdə, xüsusilə elm və texnologiya sahəsində əlaqələri inkişaf etdirməyə hazırdır.

Prezident qərblilərin demokratiya və insan haqları ilə bağlı iddialarını yalan adlandıraraq, deyib: "Qərblilər, xüsusən də amerikalılar insanların səslərindən yaranan sistemə hörmət etməlidirlər, lakin onlar bunun əksini edirlər".

Rəisi amerikalıların İŞİD-in yaradılmasındakı roluna və İran İslam Respublikasının terrorla mübarizə siyasətinə işarə edib və deyib: "Onlar terrorla mübarizə apardıqlarını iddia edirlər, lakin terrorla mübarizənin qəhrəmanı Hacı Qasim Süleymanini şəhid etdilər".

Nikaraqua prezidenti Daniel Orteqa isə öz növbəsində İran və Nikaraqua inqilablarının eyni vaxtda baş verməsinə toxunaraq, deyib: "İki ölkənin inqilabları hegemonların, xüsusilə də həmişə öz iradəsini başqalarına diktə etməyə çalışan Amerikanın hökmranlığına qarşı mübarizədə güclü köklərə malikdir".

Nikaraqua prezidenti hegemonluğu imperializmin mahiyyətinin bir parçası kimi qiymətləndirərək, əlavə edib: "Təkəbbürlülər insan haqları və demokratiya bəhanəsi ilə müstəqil ölkələrə təzyiq edirlər, lakin biz onlara qarşı bütün gücümüzlə dayanacağıq".

O, həmçinin iki ölkənin milli qəhrəmanlarını yüksək qiymətləndirib və amerikalıların Hacı Qasim Süleymanini şəhid etmək cinayətini pisləyib və İranın terrorla mübarizə qəhrəmanının ehtiramına  bir dəqiqəlik sükut elan edib.

Orteqa, çıxışını "Yaşasın İran, yaşasın Qasim Süleymaninin xatirəsi" şüarını səsləndirməklə bitirib.

Xəbəri paylaş

VİDEOLAR