Qeyri-hökumət təşkilatlarının paylaşdığı məlumatlara görə, sionist İsrailin Qəzzaya hücumları davam edərsə, avqusta qədər ölənlərin sayı 100 mini keçə bilər.
Az.rasthaber.com xəbər verir ki, London Gigiyena və Tropik Tibb Məktəbi, Humanitar Böhranlarda Sağlamlıq Mərkəzi və Con Hopkins Humanitar Sağlamlıq Mərkəzinin tədqiqatçıları tərəfindən yazılan hesabatda İsrailin Qəzzaya hücumlarının mümkün nəticələri açıqlanıb.
“Qəzza proqnozları” başlıqlı hesabata görə, 6 avqust 2024-cü ilə qədər can itkisinin həyəcanverici həddə çatması riski var.
Hesabatda dörd ayrı təxmin var. Bu çərçivədə epidemiyalar baş verməsə və atəşkəs elan olunarsa, mövcud ölümlərlə yanaşı daha 6 min 550 insan həyatını itirəcək.
Münaqişələr indiki məcrada davam edərsə, 58 min 260 nəfər, gərginlik daha da artarsa, 74 min 290 nəfər həlak olacaq.
Hesabata görə, bölgədə epidemiyalar baş verərsə və münaqişələr daha da şiddətlənərsə, ən pis ssenaridə itkilərin orta hesabla artımı 85 min 750 olacaq. İndiki can itkisi rəqəmləri də əlavə edildikdə, avqustun əvvəlində Qəzzada şəhidlərin sayı 100 mini keçəcək.
İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda şəhid olanların sayı 30 minə çatıb. 70 mindən çox yaralının olduğu bölgədə can itkisinin daha da artacağı ilə bağlı narahatlıqlar var.