Qətər və Səudiyyə rəsmiləri uzun aradan sonra biraraya gəldilər

Qətər və Səudiyyə rəsmiləri uzun aradan sonra biraraya gəldilər

Qətərin Xarici İşlərindən məsul Dövlət naziri Sultan Bin Saad əl-Merihi Səudiyyə Ərəbistanının müvəqqəti işlər vəkili Əli Saad əl-Kahtani ilə Körfəz böhranından sonra ilk diplomatik görüşü reallaşdırıb.

Rasthaber xəbər verir ki, Qətər xəbər agentliyi "QNA"nın məlumatına görə, Sultan Bin Saad əl-Merihi paytaxt Dohadakı ofisində Səudiyyə Ərəbistanının müvəqqəti işlər vəkili Əli Saad al-Kahtanini qəbul edib.

Qətər və Səudiyyə Ərəbistanı səlahiyyətliləri arasında Körfəz böhranından sonra ilk diplomatik görüşün keçirildiyi bildirilən xəbərdə "İki dost ölkə arasındakı əməkdaşlıq müzakirə edildi və əlaqələr nəzərdən keçirildi" ifadəsi yer alıb.

Səudiyyə Ərəbistanı səlahiyyətliləri isə Dohadakı səfirliyin yaxın zamanda yenidən fəaliyyətə başlayacağını açıqlayıb.

Digər tərəfdən, Qətər ilə Səudiyyə Ərəbistanı arasında 14 fevral tarixindən etibarən Əbu Semra sərhəd-keçid məntəqəsindən yeni növ koronavirus (Covid-19) tədbirlərinə əməl edilərək ticarət fəaliyyətlərinin başlayacağı vurğulanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində "terror qruplarını dəstəkləməkdə" ittiham edərək, Qətərlə bütün diplomatik münasibətlərini kəsmiş və bu ölkəyə iqtisadi embarqo tətbiq etməyə başlayıb.

Qətər ittihamları rədd etsə də, bu, Körfəz bölgəsində böhrana səbəb olmuşdur.

Böhrana son qoyma səyləri ilin əvvəlində nəticə verib.

Küveytin Xarici İşlər naziri Əhməd Nasser Məhəmməd es-Sabah 4 yanvarda Səudiyyə Ərəbistanı ilə Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılığın əldə edildiyini elan edib.

Bu arada, paytaxt Dohada İspaniyanın Xarici İşlər naziri Arancha Gonzalez Layanı qonaq edən Qətərin Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani bölgədəki gərginliyi azaltmaq üçün göstərilən səylər çərçivəsində ABŞ və İran ilə görüşlərin davam etdiyini söyləyib.

Xəbəri paylaş

VİDEOLAR