Gürcüstan hökumətinin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinq keçirib
"Gürcüstanın qonşu dost Ermənistanla münasibətləri iki ölkənin fərqli xarici siyasət prioritetlərinə baxmayaraq, bütün sahələrdə dərinləşməlidir."
Bunu bu gün Gürcüstan hökumətinin başçısı Georgi Qaxariya deyib.
"Ölkələrimizin fərqli xarici siyasət istiqamətlərinə baxmayaraq, biz bir-birimizlə fəal əməkdaşlığı davam etdiririk", - deyə o, bu gün Tbilisiyə ikigünlük rəsmi səfərə gələn Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə bildirib.
G.Qaxariya erməni həmkarı ilə təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və təhsillə bağlı məsələləri müzakirə etdiyini deyib.
Paşinyanın sözlərinə görə, Gürcüstanla münasibətlərin inkişafı və dərinləşməsi Ermənistanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
O qeyd edib ki, Gürcüstanın baş naziri ilə görüşdə regional təhlükəsizlik və sülhün bərqərar olması məsələləri də müzakirə edilib.
"Ermənistan-Gürcüstan əməkdaşlığı regionda təhlükəsizliyin ən mühüm qarantlarından biridir. Qeyd etmək istəyirəm ki, regionda münaqişələrin həll olunmasının yeganə yolu alternativi olmayan sülh yoludur", - deyə Paşinyan bildirib. O əlavə edib ki, regionda hər bir münaqişə bir-birindən fərqlənir və bu həssas məsələlərə balanslı yanaşma böyük əhəmiyyət kəsb edir.
İnterfaks