Sionist rejimin baş naziri Binyamin Netanyahu özünün X sosial media hesabında işğalçı İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum planları ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, Netanyahu bildirib:
“Mən həftənin əvvəlində Rafahda mülki şəxslərin təxliyəsi də daxil olmaqla əməliyyat planlarını təsdiqləmək üçün Nazirlər Kabinetini çağıracağam”.
Qəzzanın cənubunda Misir sərhədində yerləşən Rəfah şəhəri sionist İsrailin hücumlarından əvvəl təxminən 280 min fələstinlinin yaşadığı yer idi. İşğalçı İsrailin oktyabrın 7-də həyata keçirdiyi hücumlar səbəbindən təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan didərgin düşüb.
Köçkün fələstinlilərin əksəriyyəti sionist İsrailin daha əvvəl “təhlükəsiz” olduğunu iddia etdiyi Rəfaha sığınıb. Şimal bölgələrindən gələnlərin gəlməsi ilə Rəfahın əhalisi dörd dəfədən çox artaraq 1,4 milyon nəfərə çatıb.
Kifayət qədər mənzil olmadığı üçün Rəfaha sığınan fələstinlilərin çoxu müvəqqəti çadırlardan ibarət düşərgələrdə sağ qalmaq üçün mübarizə aparır.
Sionist İsrail qüvvələri tez-tez hava hücumları ilə Rəfah şəhərini hədəf alır. İşğalçı İsrailin Rəfah şəhərinə qurudan hücuma keçəcəyi təqdirdə mülki əhalinin Qəzza zolağında sığınacaq tapmayacağından ehtiyat edilir.