Sionist İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki Deyr əl-Belah şəhərində mülki əhalinin evlərinə hücumu nəticəsində ən azı 40 fələstinlinin şəhid olduğu, əksəriyyəti qadın və uşaq olmaqla 100 nəfərin yaralandığı bildirilib.
Az.rasthaber.com xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən edilən yazılı açıqlamada bildirilib:
"İşğalçı İsrail ordusuna aid döyüş təyyarələri Deyr əl-Belahda mülki şəxslərə məxsus 4 evi bombalayaraq dəhşətli qətliam törədib. İndiyədək 40 nəfər şəhid olub, 100-dən çox insan yaralanıb. Həyatını itirənlərin 90 faizi uşaqlar və qadınlardır".
Sionist İsrailin Qəzzada törətməkdə davam etdiyi cinayətlərə görə ABŞ rəhbərliyi və beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığı bəyanatda dünya ölkələrinə müraciət edilib.
Açıqlamada bildirilib:
“Azad dünya ölkələrini işğalçı İsrail ordusunun mülki şəxslərə, uşaqlara və qadınlara qarşı apardığı soyqırım müharibəsini dərhal və təcili olaraq dayandırmağa çağırırıq”.
Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində, İsrail döyüş təyyarələrinin Deyr əl-Belah şəhərinin Əbu Arif küçəsindəki “əl-Əttar” ailəsinin evlərini və “Yağı” ailəsinin evlərini hədəf aldığı bildirilib. Zewayide bölgəsində həyatını itirənlərin çoxu qadın və uşaqlardı.