Rusiya prezidenti Vladimir Putin bir il əvvəl Suriyaya səfəri zamanı hansı səbəbdən Dəməşqdəki Əməvilər məscidinə baş çəkmək qərarına gəlməsindən danışıb.
Rasthaber Azərbaycan ntv.ru-ya istinadla xəbər verir ki, dövlət başçısı bunu sözügedən ibadətgahda Yəhya (ə) peyğəmbərin məzarının mövcudluğu ilə izah edib.
“Biz Suriyada olanda pravoslav dünyası İsa Məsihin mövludunu qeyd edirdi. Mənim də bu münasibətlə Dəməşqdə kilsəyə baş çəkməyim anlaşılandı. Amma mən xəbər tutanda ki, Yəhyanın məzarı məsciddədir, ora də getmək istədim. Mənim üçün müsəlman ibadətgahında peyğəmbərin məzarının ehtiramla mühafizə olunması çox gözlənilməz idi”, – Putin deyib.
O qeyd edib ki, İslam dünyasında Yəhya (ə) peyğəmbərlə bərabər İsa Məsihə də dərin məhəbbət və sevgi mövcuddur:
“Bu, özülündə ümumi mənəvi və humanitar prinsiplər dayanan iki dünya dininin yaxınlığına gözəl nümunədir. Mən xristian dəyərlərinin mühafizə olunmasına görə İslam nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Vladimir Putinin Suriyaya səfəri 2020-ci il yanvarın 7-də reallaşıb.