Məsud Pezeşkiyan ABŞ-li jurnalist Taker Karlson ilə müsahibəsində İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq, sionist rejimlə son müharibə və ABŞ ilə danışıqların mümkün bərpası ilə bağlı mövqelərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu müsahibənin əsas məqamları belədir:
"Biz müharibəni başladan tərəf olmamışıq və müharibənin davam etməsini istəmirik. Məsuliyyəti üzərimə götürdüyüm gündən şüarım ölkə daxilində birlik yaratmaq, qonşular və dünya ilə sülh və əmin-amanlıq qurmaq olub.
Netanyahu 1992-ci ildən etibarən bu düşüncəni formalaşdırıb ki, guya İran nüvə silahı əldə etmək istəyir və ABŞ-də hakimiyyətə gələn hər bir prezident də bu təsəvvürü onun beynində daha da möhkəmləndirib. O, bu yalanı ABŞ prezidentlərinin beyninə yeritmək üçün çox çalışıb ki, guya İran nüvə silahı ardıncadır. Halbuki biz heç vaxt nüvə silahının dalınca olmamışıq, indi də axtarmırıq, gələcəkdə də olmayacağıq. Bu, Ali Rəhbərimizin verdiyi hökm və fətvadır. Bizim Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığımız vasitəsilə bu məsələ dəfələrlə yoxlanılıb və sübut olunub. Təəssüf ki, onların davranışı bu prosesi pozdu.
Biz danışıqlar masasında idik, söhbətlər aparırdıq və ABŞ prezidenti bizi sülh yaratmağa dəvət etmişdi. O görüşdə bizə dedilər ki, biz icazə verməsək, İsrail hücum etməyəcək. Amma altıncı görüşdə, danışıqlar gedən zaman, danışıqlar masasına bomba atdılar və diplomatiyanı məhv etdilər. Buna baxmayaraq, nəzarət məsələsində tərəddüd etmədən yenidən söhbətlərə başlamağa və yoxlamalara hazırıq.
Biz heç vaxt yoxlamalardan yayınmamışıq və yenidən təftişlərin aparılmasına hazırıq. Amma təəssüf ki, ABŞ-nin nüvə obyektlərimizə hücumu nəticəsində çoxlu avadanlıq və mərkəzlər dağıdılıb və indi onlara çıxış asan deyil. Gözləməliyik görək həmin obyektlərə yenidən çıxış imkanı yaranacaq, ya yox.
Agentliyə etimad məsələsində də sionist rejimin müfəttiş məlumatlarından sui-istifadə etməsi nəticəsində ciddi şübhələr yarandı. Bununla belə, biz hər zaman əməkdaşlığa hazır olmuşuq və agentliyə nəzarət etdiyi bütün mərkəzlərimizi yoxlamağa icazə vermişik. Etimadsızlıq o vaxt daha da dərinləşdi ki, agentliyin son hesabatı sionist rejimə bəhanə verdi və heç bir icazə olmadan nüvə obyektlərimizə hücum etdilər. Təəssüf ki, agentlik həmin mərkəzlərə – özü də NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) çərçivəsində nəzarət etdiyi obyektlərə – edilən hücumu belə pisləmədi. Bu məsələ beynəlxalq hüquq baxımından qəbuledilməzdir və xalqımızla qanunvericilər arasında agentliyə qarşı etimadsızlıq yaradıb.
Məhz Netanyahu bölgəni qarışıqlığa sürükləyib və danışıqlarımızı pozmağa çalışıb. Biz sülh tərəfdarıyıq. Mən inanıram ki, bu kiçik dünyamızda insanlar sülh və əmin-amanlıq içində yanaşı yaşamalıdırlar. Amma bizə hücum etdilər. Millətimiz özünü müdafiə etmə gücünə malikdir. Mən əminəm ki, ABŞ prezidenti bölgəni həm sülh və təhlükəsizliyə yönəldə bilər və eləcə də sonsuz müharibəyə.
Bizim danışıqlarla problemimiz yoxdur. Amma sionist rejimin bölgədə və ölkəmizdə törətdiyi fəlakətlər – o cümlədən komandirlərimizi evlərində terror edib şəhid etmələri ki, bu hərbi cinayətdir – həmçinin alimlərimizi ailələri və uşaqları ilə birlikdə qətlə yetirmələri, günahsız insanların qətli və hamilə qadınların bombalanması vəziyyəti böhranlı edib. Sionist rejim bir nəfəri öldürmək üçün bütöv binaları insanların başına uçurub! Ümid edirik ki, bu böhrandan sonra yenidən danışıqlar masasına qayıda biləcəyik. Amma bunun bir şərti var – danışıqlar prosesinə etimad. Danışıqlar aparılan zaman yenidən sionist rejimə hücum etmək icazəsi verilməməlidir.
Biz iclasda göriləcək işlərimizi müzakirə edirdik ki, sionist rejim casuslarının verdiyi məlumat əsasında olduğumuz ərazini bombaladı. Amma Allah istəməsə, heç nə baş vermir. Biz də heç vaxt ölüm və şəhidlikdən – ölkəmizin müstəqilliyi və izzəti yolunda – qorxmamışıq. Xalqımız və torpağımız sionist rejimin bu məcburi müharibəsi qarşısında daha böyük birlik və həmrəylik əldə etdi.".