İstanbuldakı “Müqəddəs Sofiya” məbədinin məscidə çevrilməsi Konstantinopol patriarxı Varfolameyə Allah tərəfindən göndərilmiş bəladır.
Rasthaber Azərbaycan xəbər verir ki, belə bir iddia ilə Rus Pravoslav kilsəsinin başçısı Patriarx Kirill çıxış edib.
“Varfolomey Kiyevdə təkfirçiləri pravoslav kilsəsinə, Kiyev Sofiyasına buraxdı, Allah evini pravoslavların əlindən aldı. Allahın bəlası da özünü gecikdirmədi. İstanbul Sofiyası məscidə çevrildi”, – Moskva və bütöv Rusiya Patriarxı bildirib.
Onun fikrincə günah o qədər böyük olub ki, Tanrının cəzası dərhal nazil olub.
Xatırladaq ki, Türkiyə hökumətinin qərarına əsasən, Ayasofiya ötən ilin iyulundan etibarən ibadət üçün müsəlmanların ixtiyarına verilib. Buna qədər isə TBMM məbədin 1934-cü ildə qüvvəyə minmiş muzey statusunu ləğv edib.
Məlumat üçün bildirək ki, Kirillin qəzəbləndiyi Konstantinopol patriarxı Varfolomey 2018-ci ildə Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenkonun təşəbbüsünə müsbət münasibət göstərərək Ukrayna Pravoslav Kilsəsi ilə Konstantinopol kilsəsinin birləşməsinə və “Yeni kilsə” yaranmasına razılıq vermişdi. Bundan sonra Rus Pravoslav kilsəsi onlarla münasibətlərə xitam vermişdi.