Pakistanın Kəraçi şəhərində Cinnah beynəlxalq hava limanı yaxınlığında baş verən partlayışda ilkin məlumata görə, 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, axşam saatlarında Kəraçidə Cinnah beynəlxalq hava limanı yaxınlığında güclü partlayış baş verib.
Partlayış nəticəsində ətrafdakı bir çox avtomobil yanıb, partlayışın səsi şəhərin bir çox yerindən eşidilib.
Səlahiyyətlilər Cinnah Beynəlxalq Hava Limanına giriş və çıxışların bağlandığını açıqlayıb.
Polisin bildirdiyinə görə, tanker hava limanı qarşısında partlayıb.
Sind əyalətinin daxili işlər naziri Ziaul Həsən Lancar əcnəbilərin əldəqayırma partlayıcılarla hədəf alındığını açıqlayıb. Sözügedən əcnəbilərin kim olduğu barədə məlumat paylaşılmayıb.
Digər tərəfdən, adının açıqlanmasını istəməyən Sind Daxili İşlər Nazirliyinin rəsmisi verdiyi açıqlamada hadisənin Çin vətəndaşlarına qarşı hücum olduğunu bildirib.
Pekin administrasiyasının “Bir Kəmər və Yol” təşəbbüsü çərçivəsində başlanan Çin-Pakistan İqtisadi Dəhliz layihələrində Pakistanda minlərlə çinli işçi çalışır. Ölkədə vaxtaşırı Çin vətəndaşlarına qarşı hücumlar olur.