Pakistanın İranla əlaqələri çox əhəmiyyətlidir və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif İranın Pakistandakı səfiri Seyid Məhəmməd Əli Hüseyni ilə görüşündə bildirib.
Onun sözlərinə görə, İslamabad İranın sülhməramlı nüvə proqramını dəstəkləyir.
Tərəflər İranın nüvə sazişi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Şahbaz Şərif görüşdə İran hökuməti və ölkənin yüksək vəzifəli şəxslərinin Kəşmir xalqına dəstək mövqeyini yüksək qiymətləndirib və ölkəsinin İranın sülhməramlı nüvə proqramlarını və Vyanada danışıqların davam etdirilməsini dəstəklədiyini bildirib.
İranın İslamabaddakı səfiri də öz növbəsində Şahbaz Şərifi Pakistanın baş naziri seçilməsi münasibətilə təbrik edib və ona prezident İbrahim Rəisinin ən səmimi salamlarını çatdırıb.
Seyid Məhəmməd Əli Hüseyni ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə iqtisadi və konsulluq komissiyalarının fəallaşdırılmasının vacibliyini vurğulayıb.