Əvvəlki sərəncamlarla 4900-ə yaxın şəxs cəzadan azad edilib
Rasthaber Azərbaycan xəbər verir ki, məhbus ailələri Novruz bayramı yaxınlaşdıqca əfv sərəncamının olub olmayacağı ilə bağlı xəbərləri diqqətlə izləyirlər.
Bəs görəsən bu il də əfvin olması gözlənilirmi?
Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının katibliyi və Prezidentin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru fasiləsiz olaraq işləyir.
“Mütəmadi olaraq məhkumlardan, onların nümayəndələrindən, vəkillərdən, qeyri-hökumət təşkilalarının (QHT) nümayəndələrindən məktublar daxil olur. Daxil olan ərizələr emal edilir. Ərizələr üzrə müxtəlif qurumlardan rəylər alınır və hər bir məhkumun müraciəti ilə arayış hazırlanır. Digər tərəfdən Əfv komissiyasının hal-hazırda iclasları keçirilmir. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması ilə bağlı nəsə demək doğru deyil.
Əlbəttə ki, insanlarımız hər zaman görüblər ki, cənab prezident Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayıb. Amma bu gün bununla bağlı qəti bir fikir söyləmək doğru olmaz. Ölkədə parlament seçkiləri keçirildi, onun yekunları ilə bağlı sənəd Konstitusiya Məhkəməsinə təqdim olunub, gərgin günlərdi”.
Əliməmməd Nuriyev Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər 33 əfv sərəcamının imzalandığını da diqqətə çatdırıb:
“Bu sərəncamlarla 4900-ə yaxın şəxs cəzadan azad edilib. Mütəmadi olaraq cənab Prezident tərəfindən əfv sərəncamı imzalanır. Bu qrupla bağlı məsələlər hər zaman canab Prezidentin nəzərindədir. Əfv Prezidentimizin müstəsna səlahiyyətidir və Prezidentimiz tərəfindən onun nə zaman verilib verilməməsi ilə bağlı qərarlar qəbul olunur”.