Son bir həftədə Nigeriyanın şimal-şərqində "Boko Haram" terror təşkilatına qarşı keçirilən əməliyyatlarda təşkilatın 39 üzvü öldürülüb.
Az.rasthaber.com xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada ordunun son bir həftə ərzində şimal-şərqdəki Adamava və Borno əyalətlərində "Boko Haram"a qarşı əməliyyatlar keçirdiyini bildirib.
Buba əməliyyatda 39 terrorçunun zərərsizləşdirildiyini, çoxlu sayda təşkilat üzvünün isə yaralı qaçdığını bildirib.
Əməliyyatlar zamanı terrorçular tərəfindən oğurlanan 34 nəfərin xilas edildiyini qeyd edən Buba 159 terrorçunun ələ keçirildiyini, terrorçulara aid əhəmiyyətli miqdarda silah-sursatın ələ keçirildiyini vurğulayıb.
Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan "Boko Haram" terror təşkilatının həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.