Məlumata görə, Nigerdə Vətəni Müdafiə Milli Şurası (CNSP) fransız əsgərlərindən sentyabrın 3-dək ölkəni tamamilə tərk etmələrini tələb edib.
Az.rasthaber.com xəbər verir ki, bundan əvvəl mətbuatda bu şuranın Fransa ilə bütün təhlükəsizlik və hərbi müqavilələri ləğv etdiyi bildirilirdi.
Xarici qüvvələrin Nigerdən çıxarılmasının tərəfdarları yaxın günlərdə Fransa ordusunun ölkədə olmasına qarşı müddətsiz etiraz aksiyası keçirəcəklər. Bəzi sakinlər səlahiyyətliləri Fransa bazasına su və elektrik enerjisini kəsməyə və ərzaq paylanmasını dayandırmağa çağırıb.
Keçən həftə Niger Xarici İşlər Nazirliyi Fransa səfirindən Nigeri 48 saat ərzində tərk etməsini istəyib. Paris Nigerin bu istəyini səfirdən aldığını, lakin Niger hərbi rəhbərliyinin belə qərarlar vermək səlahiyyətinin olmadığını qeyd edib.