Navalnı xəstəxanaya bazar ertəsi, ağır öskürək və yüksək hərarəri olduğunu dedikdən sonra yerləşdirilib
Rusiya mediasının bildirdiyinə görə, həbsdə olan müxalifət lideri Aleksey Navalnı həbsxana xəstəxanasına aparılıb və ona koronavirus testi edilib. Navalnı xəstəxanaya bazar ertəsi, ağır öskürək və yüksək hərarəri olmasından şikayətləndiyi, eləcə də həbsxanada vərəm xəstəliyi olduğunu iddia etdiyi açıqlamasından bir neçə saat sonra yerləşdirilib.
Navalnının səhhəti ilə bağlı narahatlıqlar iki il həbs cəzasına məhkum edilən və Moskvadan 100 kilometr məsafədəki həbsxanasında saxlanılan müxalifət liderinin keçən həftə təcili tibbi yardımına ehtiyacı olduğunu və bunun üçün aclıq aksiyasına başladığını elan etməsindən sonra yenidən gündəmə gəlib.
“Mənim həkim istəmək və dərman tələb etmək haqqım var. Axmaqlıq ucbatından bunların heç birini almıram” - deyə, Navalnı İnstaqram hesabında aclıq elan etdiyini yazıb.
44 yaşlı Navalnı həmçinin həbsxana rəhbərliyinə göndərdiyi məktubda kürəyində kəskin ağrıların ayaqlarına yayıldığını və bu səbəbdən hissetmə qabiliyyətini itirdiyini yazıb.
Navalnı xəstəliklərinin Qərb dövlətlərinin Rusiya hökumətini günahlandırdığı 2020-ci ilin avqustunda sinir sistemini iflic edən zəhərlənmə ilə əlaqəli olduğunu deyib.
Kreml zəhərlənmə ilə hər hansı əlaqəsi olmadığını bildirib və Navalnının zəhərləndiyinə dair inandırıcı sübutlar olmadığı üçün araşdırmaqdan imtina edib.