Malayziya hökuməti 2005-ci ildən sonra anadan olanlara siqaret və digər tütün məhsullarının satışını tamamilə qadağan etmək niyyətindədir.
Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Hayri Camaluddin bəyan edib.
“Malayziya və Qərbi-Sakit okean regionunun bəzi ölkələri cari ildə tam bir nəsli siqaret çəkməkdən xilas etməyi planlaşdırır. Bunun üçün 2005-ci ildən sonra anadan olanlara siqaret satışının tamamilə qadağan olunması barədə qanunun qəbulu nəzərdə tutulur”, - deyə nazir bildirib.
H.Camaluddin, həmçinin bildirib ki, siqaret çəkməkdən əmələ gələn xəstəliklər Malayziyada ölüm hallarının əsas səbəbi olaraq qalır. Hər il bu ölkədə həmin səbəbdən təqribən 27,2 min nəfər həyatını itirir.
Yerli KİV-in verdiyi məlumata görə, yeni qanun tütün məhsullarının alınmasına icazə üçün yaş həddini daim artırmağı nəzərdə tutur.