Hələ gənc yaşlarında məktəbi buraxmaq məcburiyyətində qalmış 85 yaşlı fələstinli Cihad Battu yaşının çox olmasına baxmayaraq, dinşünaslıq sahəsində bakalavr dərəcəsi qazanmağa nail olub.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, o, 1936-cı ildə İordan çayının Qərb sahilində yerləşən Nablus şəhərində anadan olub.
1948-ci ilədək – fələstinlilər öz torpaqlarından qovulanadək məktəbdə təhsil alırdı. Həmin il xanım Battunun anası da xəstələnib və o, bu və digər çətinliklərə görə məktəbi buraxmalı olub.
Müsəlman xanım 1954-cü ildə ərə gedib və 5 övlad dünyaya gətibi. Lakin onun oxumaq istəyi heç vaxt tükənməyib.
O, ərəb, ingilis və yəhudi dilləri, həmçinin riyaziyyat kurslarını oxuyub.
81 yaşında olarkən isə ali təhsil almaq qərarına gəlib.
O deyib ki, İslam dininə olan sevgisi səbəbi ilə dinşünaslıq institutunu seçib.
“Mən gecələr çoxlu və israrla oxuyurdum”, - deyə yaşlı nənə bildirib.
Cihad Battu 85 yaşında öz arzusunu həyata keçirib və bakalavr dərəcəsinə yiyələnərək məzun libası geyinib.
“Mən öyrəndiklərimi ətrafımdakı insanlara öyrədəcəyəm. Əgər mən elmi özümə saxlasam, onun nə faydası olacaq? Mən digərlərini öyrətmək istəyirəm ki, onlar da faydalana bilsinlər”, - deyə xanım Battu qeyd edib.