İraqda şiə siyasi partiya və cinahları mərhum din alimi və filosof Məhəmməd Baqir Sədrin oğlu Cəfər Sədrin baş nazir olması təklifini irəli sürüblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ölkədə son parlament seçkilərinin nəticələrinə əsasən öndə gedən “Sədr fraksiyası”nın rəhbəri Müqtəda Sədr (əmisi oğlu) Cəfər Sədrin baş nazirliyini təklif edib.
Məlumata görə, "Sədr fraksiyası", sabiq baş nazir Nuri əl-Maliki (Dovlət - əl-Qanun), digər şiə siyasi cinahların olduğu “əl-İtar ət-Tənsiqi” fraksiyası ilə aparılan məsləhətləşmələrdən sonra Cəfər Sədrin İraqın yeni baş naziri təyin edilməsində razılığa gəliblər.
Cəfər Sədrin özü hələ bu xəbərə münasibət bildirməyib.
Qeyd edək ki, 1970-ci ildə Nəcəfdə dünyaya gələn Cəfər Sədr hazırda İraqın Londonda səfiridir. O, mərhum din alimi müctəhid, filosof Məhəmməd Baqir Sədrin oğludur.