O deyib ki, bu hadisəyə görə vaxtından öncə istefaya getməyə hazırlaşmır.
Rasthaber xəbər verir ki, Livan prezidenti Mişel Aun Beyrut limanındakı partlayışın araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasına qarşı olsa da, xarici müstəntiqlərin orada iştirakına yol verir.
O deyib ki, bu hadisəyə görə vaxtından öncə istefaya getməyə hazırlaşmır.
“Konstitusiyamız tələb edir ki, daxili problemləri məhkəmə sistemimizin özü araşdırsın. Bu, fransalı, amerikalı və digər müstəntiqlərin iştirakını istisna etmir”, – deyə Aun bildirib.
Partlayışın səbəbləri barədə danışarkən, Livan prezidenti, ən ehtimal edilən variantın bədbəxt hadisə olmasına baxmayaraq, baş vermiş hadisənin səbəbləri ilə bağlı heç bir versiyanın istisna edilmədiyini bildirib.
“Bir çox livanlı şahid iddia edir ki, partlayışdan bir az əvvəl təyyarələr görüb və eşidiblər. Bəlkə də, böyük inam yaratmasa da, onları dinləmək lazımdır. Hətta bu hadisə bədbəxt hadisə kimi görünsə belə, mən istəyərdim ki, məni hər bir səsə qulaq asmamaqda ittiham etməsinlər”, – deyə o qeyd edib.
Bundan başqa, Aun “Hizbullah”-a məxsus silah anbarında partlayışın baş verməsi və bunun da Ammonium nitratının daha böyük partlayışına səbəb olmasına dair versiyanı təkzib edib.
“Bu, mümkün deyil” deyən Aun “Hizbullah”-ın limanda silah anbarlarının olmadığını qeyd edib.
Livan prezidenti həmçinin vaxtından əvvəl istefasının mümkünlüyünü də istisna edib və əlavə edib ki, Livanda yeni seçkiləri il ərzində və ya “6 ay ərzində” keçirilə bilər.
Xatırladaq ki, 4 avqustda Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib. Buna səbəb isə 2750 ton Ammonium nitrat maddəsinin düzgün olmayan şəkildə saxlanılması olub. Nəticədə azı 170 nəfər həyatını itirib, 5 mindən çox insan yaralanıb, 300 mindən çox insan isə evsiz qalıb.