Əlcəzair prezidenti Əbdülməcid Tebbun paytaxt Muradiyə sarayında Əlcəzairdə rəsmi təmaslarda olan prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.
Az.rasthaber.com xəbər verir ki, Ərdoğan və Tebbun arasında keçirilən görüşdə Fələstin məsələsi də müzakirə edilib.
Tebbun bildirib ki, sionist rejimin Qəzza zolağında törətdiyi cinayətlərə görə böyük faciə baş verib.
Tebbun deyib: “Biz Ərdoğanla 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının Fələstin xalqının qanuni haqqı olduğu fikrini bölüşürük. Yaxın Şərq vulkan kimidir. Ya bu problem (Fələstin) həll olunacaq, ya da başqa istiqamətdə irəliləyəcək.
İşğalçı dövlətin törətdiyi cinayətlərə dərhal son qoyulmalıdır. Biz Ərdoğanla Qəzzadakı soyqırımına görə məsuliyyət daşıyanların Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasının vacibliyini vurğuladıq. 75 ildə ilk dəfə olaraq bu (İsrailin) cinayətlərini törədənlər məhkəmə qarşısına çıxarılacaq”.