Misirdəki Əl-Əzhər İnstitutu ötən gün Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandıran Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanı qınayıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Əl-Əzhərdən verilən yazılı açıqlamada, bu cür ekstremist hərəkətlərin sivil insanların Qurana olan hörmətini azaltmayacağı və müqəddəs kitabın bütün bəşəriyyət üçün bələdçi olmağa davam edəcəyi vurğulanıb.
Əl-Əzhər beynəlxalq ictimaiyyəti, təşkilatları və dünya liderlərini “müqəddəs dəyərləri təhqir etmək cəhdlərinə qarşı durmağa” və “ifadə azadlığı anlayışının dəyişdirilməsinə" son qoymağa çağırıb.
Bu cür təkrarlanan hadisələrin araşdırılmasını tələb edən Əzhər İnstitutu “ifadə azadlığı” şüarı altında bu cür hərəkətlərin təkrarlanmasına icazə verilməsinin Şərq və Qərb arasında sülh, dinlərarası dialoq və ünsiyyəti təşviq etmək səylərini uğursuzluğa düçar etdiyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan dünən Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırıb, izdihamlı polisin himayəsi altında keçirilən aksiyada heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.