Əl-Əzhər dini-elmi mərkəzindən Əfqanıstandakı terrora REAKSİYA

Əl-Əzhər dini-elmi mərkəzindən Əfqanıstandakı terrora REAKSİYA

İslam dünyasının ən nüfuzlu dini-elmi mərkəzlərindən biri olan Əl-Əzhər Əfqanıstanın Məzar-Şərif şəhərində şiə məscidində törədilən partlayışı kəskin pisləyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Misirin hökumət qəzeti Əl-Əhram tərəfindən dərc edilən bəyanata görə, Əl-Əzhər, onlarla insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən "iyrənc" hadisəni pislədiyini bildirib.

Bəyanatda deyilir: "Bu mənfur hadisə onu törədənlərin vəhşiliyinə, onların qəlblərinin mərhəmət, insanpərvərlik və Allahdan qorxmaqdan boş olmasına dəlalət edir. Bu şəxslər baxmayaraq ki, din bayrağı qaldırırlar, onlar ən pis cinayətlərə əl atır, islamdan və onun açıq-aşkar olan təlimatından uzaqdırlar. Allahın öldürülməsini haram etdiyi şəxsləri öldürmək qan tökmək onların işidir. Onlar Allahın qəzəbinə düçar olacaqlar. Qiyamət günü Allahın lənətinə gələcək, onların peşmançılığı və üzrü də onlara fayda verməyəcək.”

Bəyanatda əlavə edilir:

“Məzhəblərin arasında ixtilaf cinayətlərə bəraət vermir. Əl-Əzhər bildirir ki, İslam məzhəblərinin alimləri, sünnilər, şiələr və başqaları 14 əsrdən artıqdır, bu terror qrupları Allahın şəriətindən və dinindən sapmamışdan və ortaya çıxmamışdan əvvəl bir-birlərinə məhəbbətlə qardaş kimi yan-yana yaşamışlar. Onlar, İslamın imicini hədəfə alan və müsəlmanlar arasında parçalanma və təfriqə yaradan qərəzli siyasi qrupların tərəfindən maliyyələşdirilirlər.”

Əl-Əzhərin bəyanatında həlak olanların ailələrinə və əfqan xalqına başsağlığı verilib, Uca Allahdan həlak olanlara rəhmət və bağışlanma, yaralıların tezliklə sağalması, Əfqanıstana təhlükəsizlik və əmin-amanlıq bəxş etməsi və məzhəblərarası qarşıdurmanı aradan qaldırması dilənib.

Xəbəri paylaş

VİDEOLAR