Elm adamları koronavirusun ağciyərlərə düşməsinin yeni metodunu müəyyənləşdiriblər.
Rasthaber Azərbaycan-ın Sputnik-ə istinadla xəbər verir ki, tədqiqatın nəticəsi “Cell Research” jurnalında dərc olunub. Çin alimləri laboratoriya şəraitində xəstələrin yoluxmuş orqan hüceyrələrindəki 22 zülal səviyyəsini ölçərək virusun reseptorlarla hansı yolla birləşdiyini müəyyən ediblər.
Tədqiqat zamanı koronavirusun insan bədəninə düşməsi üçün əsas “giriş qapısı” sayılan ACE2 ekspressiyasının ağciyər və traxeyanın bütün hüceyrə xətlərində aşağı, böyrəklərdə və həzm sistemi orqanlarında isə daha aktiv olduğu ortaya çıxıb.
Bununla belə, elm adamları başqa bir zülal – UFO (AXL) tirozin-protein kinaz reseptoru da aşkarlayıblar ki, onun tənəffüs sistemində həddən artıq olması SARS-CoV-2 virusunun hüceyrələrin daxilinə nüfuz etməsini sürətləndirir. Qeyd olunur ki, bu ferment bir sıra fizioloji proseslərə cavabdehdir.
Əldə olunan nəticələr əsasında alimlər bu qərara gəliblər ki, həmin reseptorları söndürərək, ağciyərlərdə virus konsentrasiyasını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.