Kanadanın Ottava şəhərində koronavirus məhdudiyyətlərinə qarşı etirazlar keçirən yük maşını sürücülərinə qarşı genişmiqyaslı əməliyyat keçirilir.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, əməliyyata xüsusi təyinatlılar da qoşulub. Bu vaxta qədər etirazçılar arasında saxlanılan olmayıb.
Polis əməkdaşları şəhərin mərkəzi hissəsinin bütün məhəllələrini mühasirəyə alıb, yolları bağlayıb. Əraziyə girişə yalnız yerli sakinlər və mərkəzə iş üçün getməli olanlara icazə verilir.
Etirazlar əsasən Milli Parlament Binasının qarşısında keçirilir. Ötən gecədən yağan qardan istifadə edən etirazçılar bir növ qar barrikadaları da qurublar.
Kanadada koronavirus məhdudiyyətlərinə qarşı etirazlar, yanvarın sonunda başlayıb. Hazırda etirazçılar yanvarın 29-dan aksiya keçirdikləri Ottavada qalıblar. Fevralın 14-də Kanadanın baş naziri Castin Trüdo genişmiqyaslı aksiyalara görə, ölkədə fövqəladə vəziyyət haqqında qərar qəbul edib.