İsrail ordusunun Qəzza zolağındakı Rəfah şəhərindəki qaçqın düşərgəsinə təşkil etdiyi hücumlar nəticəsində azı 40 fələstinli həyatını itirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrailə məxsus döyüş təyyarələri Rəfahın şimal-qərbində, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) anbarlarının yerləşdiyi ərazinin yaxınlığında məskunlaşan köçkün fələstinlilərin çadırlarını bombalayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada, hücum nəticəsində həyatını itirənlərlə xəsarət alanların xəstəxanaya aparıldığı bildirilib.
Şahidlər deyib: "İsrail ordusunun bombardmanı düşərgədəki bir çox çadırın dağılmasına və yanmasına səbəb olub. Bu düşərgə İsrail ordusunun boşaldılmasını istədiyi bölgədə yerləşmir''.
Şahidlər İsrail döyüş təyyarələrinin düşərgəyə azı 8 raketlə hücum etdiyini bildiriblər.