Sionist rejim qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya cümə namazı qılmaq üçün gələnlərə hücum edib.
Az.rasthaber.com xəbər verir ki, on minlərlə fələstinli və əcnəbi müsəlman cümə namazını qılmaq üçün hər həftə olduğu kimi Məscidül-Əqsaya axışıb.
Məscidül-Əqsanın girişlərindən biri olan Əl-Əsbat qapısında bir çox işğalçı qüvvə müqəddəs məbədə girənlərin kimliyini yoxlamağa başlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, işğalçı qüvvələr bir nəfərə hücum edib və xaos yaranıb.
Sionist qüvvələrin qaz bombaları ilə müdaxiləsi nəticəsində bir nəfərin ayağı sınıb. Qeyd olunub ki, xəsarət alanlar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Sosial mediada paylaşılan görüntülərdə bir nəfərin aldığı zərbə nəticəsində başından qan axdığı görülüb.
Digər tərəfdən Fələstin mediası hadisələrdə işğalçı qüvvələrin 1 nəfəri nəzarətə götürdüyünü açıqlayıb.