Sionist rejim qüvvələri işğal altındakı İordan çayının qərb sahilində xəstəxanaya basqın edərək, biri müalicə olunan 3 fələstinlini qətlə yetirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın edib.
Sionist rejim əsgərləri basqın zamanı xəstəxanada 3 fələstinlini şəhid ediblər.
Fələstinin Səhiyyə naziri Mey əl-Kayle Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq və insan haqları təşkilatlarına etdiyi çağırışda İsrail qüvvələrinin Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində Fələstin xalqına və səhiyyə müəssisələrinə qarşı törətdiyi cinayətlərə son qoyulmasını istəyib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərində öldürülən 3 fələstinlidən ikisinin qardaş olduğu bildirilib.
Öldürülənlərin Muhəmməd və Basil Ayman əl-Gazavi və Məhəmməd Vəlid Celamine olduğu qeyd edilib.
Bildirilib ki, Basil Əyman əl-Qəzavi 25 oktyabr 2023-cü ildən xəstəxanada müalicə olunur.
Bildirilib ki, mülki geyimli, həkim və tibb bacısı geyimində olan 10-a yaxın İsrail xüsusi təyinatlısı xəstəxanaya daxil olaraq 3-cü mərtəbəyə qalxaraq susdurulmuş silahlarla 3 fələstinlini qətlə yetiriblər.
2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 381-ə yüksəlib.