İsrailin digər ölkələr tərəfindən dəstəklənməsi münaqişəyə yeni oyunçuların qoşulmasına səbəb ola bilər.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Rusiya Müdafiə Naziri Sergey Şoyqu ilə keçirdiyi telefon danışığı zamanı bəyan edib.
Baqeri deyib ki, “İsrail cinayətlərinin davam etdirilməsi, onun birbaşa digər dövlətlər tərəfindən dəstəklənməsi və ona edilən yardım vəziyyəti mürəkkəbləşdirir və meydana yeni oyunçuların çıxmasına gətirib çıxara bilər“.
“Biz Qəzzada mülki əhaliyə qarşı genişmiqyaslı və qəddarcasına edilən hücumların davam etməsi ilə bağlı olduqca narahatıq. (İsrailin) bu cür vəhşi rəftar(ı) yolverilməzdir və digər ölkələrin hökumətləri buna müvafiq şəkildə reaksiya verməlidir“, – deyə o qeyd edib.
Xatırladaq ki, İsrailin Qəzza sektoruna qarşı davam edən bombardmanları, əksəriyyəti qadınlar və uşaqlar olmaqla, minlərlə günahsız fələstinlinin həyatına son qoyub. İsrail müharibə qaydalarına zidd hərəkət edərək məktəblər, xəstəxanalar, məscidlərə belə zərbələr endirir.