"İŞİD-in maliyyələşdirilməsi" işi üzrə təqsirləndirilənlərin valideynləri ABŞ səfirliyinin önündə etiraz aksiyası keçirməyə cəhd ediblər

Terrorizmin maliyyələşdirilməsində təqsirləndirilən şəxslərin valideynləri və yaxınlarından ibarət qrup bu gün ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar hesab edirlər ki, onların övladları uydurma ittihamlarla həbs olunublar və onların azadlığa buraxılmasını tələb edirlər. Valideynlər 50 sutkadan çoxdur yeməkdən imtina etmiş övladlarının sağlıq durumundan da narahatdırlar. Doğmalarının sözlərinə görə, Babək Məmmədli, Ələddin İbişov və Əflatun Bayramov çox arıqlayıblar.

Ancaq polis aksiyanın qarşısını alıb. Bir neçə nəfər Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə aparılıb.

Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb, lakin pandemiyaya görə proses uzun müddət dayandırılıb.

Proses bu il bərpa olunub və iclasların birində müttəhimlər əsassız həbsə etiraz edərək özlərinə kəskin xəsarətlər yetiriblər.

Xəbəri paylaş

VİDEOLAR