Rəsmi Bağdad Türkiyənin, İraqın şimalında keçirdiyi hərbi əməliyyatları “ölkə suverenliyinin pozulması” hesab edərək bunu rədd etdiyini bildirib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat verib.
Bəyanatda deyilir: "Türkiyə qüvvələrinin İraqın şimalındakı Mətinah, Əl-Zab, Afaşin və Basian bölgələrindəki İraq torpaqlarını helikopter və pilotsuz təyyarələrlə bombalayaraq həyata keçirdiyi hərbi əməliyyatları şiddətlə qınayırıq. İraq bu addımı öz suverenliyinin və ölkəyə hörmətin pozulması, ölkələr arasında münasibətləri tənzimləyən beynəlxalq müqavilə və qanunları, həmçinin mehriban qonşuluq prinsipini pozan bir hərəkət hesab edir.”
Bəyanatda əlavə edilib: "İraq hökuməti öz ərazisinin heç bir qonşu ölkəyə zərər vermək üçün qərargah və ya dəhliz olmayacağını vurğulayır və İraqın fərqli münaqişələr və digər tərəflər üçün hesablaşma meydanı olmasını rədd edir.”
Qeyd edək ki, Türkiyə iki gündür İraqın şimalında PKK-ya qarşı yeni hərbi əməliyyata başladğını bildirib.