İraq parlamentinin mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, xarici qüvvələrin bu ölkədən çıxarılması üçün iclas keçirilib.
Az.rasthaber.com xəbər verir ki, sessiyaya sədrlik edən Muhsin Mendelavi xarici qüvvələrin İraqdan çıxarılması üçün 100-dən çox deputatın imzaladığı sorğunu Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinə göndərib.
Mendelavi həmçinin hökuməti “xarici qüvvələrin çıxarılmasını və onların vəzifələrinə xitam verilməsini” nəzərdə tutan 2020-ci il parlament qətnaməsini yerinə yetirməyə çağırıb.
İraq Parlamenti İran İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymani və Haşd əl-Şaabi sədrinin müavini Əbu Mehdi Mühəndis və onu müşayiət edən şəxslərin 4 yanvar 2020-ci ildə Bağdad hava limanında öldürülməsindən sonra 5 yanvar 2020-ci ildə ABŞ qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib.