İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

İranın xarici işlər naziri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

Suriya prezidenti Bəşər Əsəd İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Az.rasthaber.com "SANA"ya istinadla xəbər verir ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq məsələləri, Qərbin tətbiq etdiyi qeyri-qanuni birtərəfli sanksiyalara baxmayaraq, ikitərəfli sazişlərin, xüsusən də iqtisadi və ticarət sahəsində naaliyyətlərin əldə edilməsi üçün hər iki tərəfin göstərdiyi səylər müzakirə edilib.

Terrorla mübarizədə iki ölkə arasında əməkdaşlığın davam etdirilməsinin də müzakirə edildiyi görüşdə, Abdullahiyan Suriyanın bütün əraziləri azad edilənə qədər ölkəsinin Suriyaya və xalqına dəstəyini bir daha bəyan edib.

Abdullahiyan Bəşər Əsədə İranın nüvə sazişi üzrə davam edən danışıqlara dair məlumat verib və ölkəsinin bu mövzuda İran xalqının hüquq və mənafelərinə uyğun təşəbbüslər irəli sürdüyünə işarə edərək, razılaşmanın əldə edilməsinin ciddi iradə tələb etdiyini vurğulayıb. O, həmçinin, Qərbin məsələyə reallıqla baxaraq, İran xalqının bu hüquqlarını tanımalı olduğunu bildirib.

Bəşər Əsəd İranın nüvə məsələsində prinsip və hüquqlara sadiqliyi və məruz qaldığı təzyiqlər qarşısında güzəştə getməməsi ilə tutduğu yolun düzgünlüyünü vurğulayıb. O, İranın nüvə məsələsi ilə bağlı razılığın əldə olunmasının bu gün İranın və regionun maraqlarına xidmət etdiyi, qlobal balansın qorunması üçün daha vacib olduğunu bildirib.

Həmçinin tərəflər ümumi maraq kəsb edən bir sıra siyasi məsələləri, o cümlədən Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin, Qərb ölkələrinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmağa çalışdıqları təhlükəli sarsıntılar və bu kritik mərhələdə dünya miqyasında baş verən dəyişikliklər fonunda iki ölkə arasında kommunikasiyanın intensivləşdirilməsinin vacibliyi razılaşdırılıb.

Xəbəri paylaş

VİDEOLAR