Ukraynadan təxliyə edilən 100 İran vətəndaşını Tehranın İmam Xomeyni beynəlxalq hava limanında yol və şəhərsalma nazirinin müavini Məhəmməd Baxış və digər rəsmi şəxslər qarşılayıblar.
Az.rasthaber.com AZƏRTAC-a İranın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Ukraynada yaşayan iranlılar səfirliyin yardımı ilə Polşa ərazisinə keçərək Varşavaya çatdırılıb və “İran Air” şirkətinin xüsusi reysi ilə Varşavadan Tehrana gətiriliblər.
İranın Ukraynadakı səfiri Mənüçöhr Muradi isə qeyd edib ki, hərbi əməliyyatlara baxmayaraq, İranın Kiyev şəhərindəki səfirliyi işini davam etdirəcək.
Onun sözlərinə görə, səfirliyin əməkdaşları təxliyə edilməyəcək. Diplomat diqqətə çatdırıb ki, Ukraynanın Xarkov, Odessa, Kiyev və digər şəhərlərində İran vətəndaşları hələ də qalmaqdadır. Onların təxliyəsi üçün də işlər həyata keçirilir. Yaxın günlərdə yerləri müəyyən edilən iranlılar da Ukraynadan Polşaya, oradan isə İrana göndəriləcək.