O Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi tədbirdə, “Azərbaycan-Ermənistan münaqişəsində İranın mövqeyi və Qafqaz siyasəti” mövzusunda çıxış edib
Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, İranın Türkiyədəki səfiri Məhəmməd Fərazmənd Ankarada fəaliyyət göstərən Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi tədbirdə, “Azərbaycan-Ermənistan münaqişəsində İranın mövqeyi və Qafqaz siyasəti” mövzusunda çıxış edib.
O deyib ki, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin bölgədə fərqli maraqları var. Bu maraqların üst-üstə düşməməsi münaqişənin uzanmasına səbəb olub və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etməyə qərar verib. Bu münaqişə İranı da narahat edir. Rəsmi Tehran bu münaqişənin sülh yolu ilə beynəlxalq qanunlara uyğun şəkildə həll olunmasına tərəfdardır.
“Azərbaycanın 20 faiz ərazisi işğal olunub və BMT-nin bu ərazilərin azad edilməsi üçün 4 qətnaməsi var. Bu qətnamələr göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”, -deyə səfir əlavə edib.
Türk ictimaiyyətinin İranın Dağlıq Qarabağ böhranına münasibətinə olan diqqətindən və həssaslığından məmnunluğunu ifadə edən Fərazmənd "Bu vəziyyət, İranın Türkiyə ictimai rəyində əhəmiyyətini və xüsusi mövqeyini göstərir.", -deyə bildirib.
Fərazmənd vurğulayıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.