İranın Niderlanddakı səfirliyi bu ölkənin kəşfiyyat idarəsinin illik hesabatında yer alan iddiaları qəti şəkildə təkzib edib və İranın Avropada sui-qəsd cəhdlərində iştirakı ilə bağlı bütün ittihamların əsassız olduğunu vurğulayıb.
Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, İranın Niderlanddakı səfirliyi yazılı bəyanat yayaraq, Niderland kəşfiyyat təşkilatının illik hesabatındakı iddiaları qəti şəkildə rədd edərək, İranın Avropada sui-qəsd cəhdlərində iştirakı ilə bağlı bütün ittihamların əsassız olduğunu vurğulayıb.
Səfirliyin yaydığı bəyanatda aşağıdakı ifadələr yer alıb:
“İran terrorun ən böyük qurbanıdır və terrorun bütün formaları ilə mübarizə aparmaq üçün digər ölkələrlə müqayisədə daha güclü iradəyə malikdir.
İrəli sürülən əsassız iddialar bəzi şəxslərin qurban rolunu oynayaraq ev sahibi dövlətdən siyasi qazanc və ya imtiyaz əldə etmək cəhdindən başqa bir şey deyil.
Təəssüf ki, İranda terror aktları törətmiş, hətta bu əməlləri etiraf edən və ya bununla öyünən bir çox şəxs və təşkilatlar Qərb dövlətləri tərəfindən himayə olunur və bu cür iddiaların mənbəyidir”.
Niderland kəşfiyyat agentliyi illik hesabatında iddia edib ki, 2024-cü ilin iyununda Niderlandın Haarlem şəhərində bir iranlı sakinə qarşı sui-qəsd cəhdindən sonra iki nəfər həbs edilib. Bu iddialardan sonra İranın Hollandiyadakı səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb.