İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami MAQATE-nin kameraları ilə bağlı mühüm açıqlama verib.
Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, İran Atom Enerjisi Agentliyinin prezidenti Məhəmməd İslami Natanz şəhərində mətbuat mənsublarına verdiyi açıqlamada gündəmdəki hadisələri dəyərləndirib.
İslami, İranın nüvə fəaliyyətləri üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) olaraq adlandırılan nüvə sazişi haqqında deyib:
"Qərb tərəfi son zamanlar İrana qarşı müxtəlif ittihamlar səsləndirir. Buna görə də son 20 ildə, İran və Qərb ölkələri arasında İranın sülhməramlı nüvə fəaliyyətləri ilə bağlı çoxlu görüşlər və çoxlu səfərlər olub. Nəhayət nüvə razılaşması əldə edilib.
BHFP müqaviləsində İrana qarşı ittihamlara son qoyulması və BHFP-nin müddəalarının icrasına cavab olaraq sanksiyaların ləğvi qərara alınıb".
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə fəaliyyətinə qoyduğu müxtəlif məhdudiyyətlərə toxunan İslami deyib:
"Agentlik İrana qarşı ittihamları həmişəlik aradan qaldırmaq üçün nüvə fəaliyyətləri ilə bağlı bir neçə yoxlama aparıb, digər tərəflər isə öz öhdəliklərinə əməl etməyib.
Təəssüf ki, keçmişdə səsləndirilən ittihamlar indi İsrailin iddia etdiyi sübutlarla gündəmə gətirilib. BHFP müqaviləsində ikitərəfli sənəd olduğu üçün, hər iki tərəf öz öhdəliklərinə qarşılıqlı şəkildə əməl etməlidir. BHFP müqaviləsi çərçivəsində quraşdırılan əlavə kameralar və avadanlıqlar qarşı tərəf öz öhdəliklərinə əməl etmədiyi üçün yığışdırılıb".
Məhəmməd İslami daha sonra sözlərinə belə davam edib:
"Qarşı tərəf vicdanla hərəkət edərsə, biz nüvə razılaşmasının müddəalarına uyğun hərəkət edəcəyik, psixoloji müharibə və qara təbliğat bu gün əvvəlki qədər təsirli ola bilməz".
Xatırladaq ki, İran Atom Enerjisi Agentliyinin əvvəlki sözçüsü Bəhruz Kəmalvəndi İslam Şura Məclisinin qəbul etdiyi “Sanksiyaların ləğvi və İran xalqının mənafeyinin qorunması üçün Strateji Fəaliyyət Planı” qanununa toxunaraq, "Biz qərara gəldik ki, Nümayəndələr Palatasının qanunlarına əsasən, Təhlükəsizliyə Nəzarət Müqaviləsi xaricində olan kameralar fəaliyyətini dayandıracaq və bundan sonra heç bir görüntü qeydə alınmayacaq", - deyə bildirmişdi.