İran və Azərbaycan iki qardaş ölkə olaraq dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir

 İran və Azərbaycan iki qardaş ölkə olaraq dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir

İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir

Rasthaber Azərbaycan xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

Prezident deyib: "Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin – münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub. Yəqin ki, bu gün biz bu prosesin daha da rəvan keçməsi üçün bir neçə mühüm məsələyə toxunacağıq. Bir daha xoş gəlmisiniz."

Zərif isə Ruhaninin salamını çatdırdıqdan sonra deyib: "Mən Sizi və Azərbaycan xalqını milli bayramınız münasibətilə əvvəlcədən təbrik etmək və Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə etmək istəyirəm. Əməkdaşlığın səviyyəsi bizi məmnun edir və hesab edirik ki, Zati-alinizin, Prezident Ruhaninin və İran rəhbərliyinin ifadə etdiyi arzusuna çatmaq üçün biz hətta daha da artığını edə bilərik. Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq."

Xəbəri paylaş

VİDEOLAR