Yaxın gələcəkdə İran və Azərbaycan arasında preferensial ticarət anlaşması ilə əlaqədar texniki müzakirələrə başlanacaq.
Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Məhəmməd Rza Kərbasi və bu palatanın xüsusi komissiyalarının rəhbərləri ilə video-konfrans formatında keçirilən görüşdə deyib.
C.Cahangirzadənin sözlərinə görə, bundan əlavə İran və Azərbaycanın birgə sənaye parkının yaradılması diqqət mərkəzindədir.
Diplomat əlavə edib ki, bu planların icra olunması ilə iki ölkənin ticarət dövriyyəsində artım müşahidə olunacaq.
İran səfiri deyib ki, İran və Azərbaycan ikitərəfli ticarət dövriyyəsinin ildə 5 milyard dollara çatdırılmasını nəzərdə tutub.
C.Cahangirzadə bildirib ki, son illər ərzində iki ölkənin ticarət dövriyyəsi beşqat artıb.
“Koronavirus pandemiyası dövründə Azərbaycan tərəfinin əməkdaşlığı ilə İranın tranzit yük maşınları bu ölkə ərazisindən istifadə ediblər”.
Məlumata görə, görüşdə İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası rəsmiləri İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsi ilə əlaqədar bir sıra təkliflər irəli sürüblər.
Qeyd edək ki, İranın Ticarət İnkişafı Təşkilatının hesabatına əsasən, ötən ilin martından bu ilin eyni ayına qədər olan dövrdə İran 430 milyon dollar dəyərində 900 min ton məhsulu Azərbaycana ixrac edib.
İranın Birinci vitse-prezidenti İshaq Cahangiri 23 mayda İranın Sənaye, Mədən və Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyinə İran və Azərbayacn arasında preferensial ticarət sazişi ilə əlaqədar müzakirə, ilkin imza və müvəqqəti imzalanması üzrə addımların atılması haqda göstəriş verib.