İran səfiri qonşularının ərazi bütövlüyü ölkəsinin "qırmızı xətti" olduğunu bildirib

İran səfiri qonşularının ərazi bütövlüyü ölkəsinin

İran İslam Respublikasının Azərbaycandakı Səfiri bütün qonşu ölkələrin ərazi bütövlüyünün Tehran üçün qırmızı xətt olduğunu bəyan edib.

Rasthaber Azərbaycan xəbər verir, İran səfiri Seyid Abbas Musəvi  “AzPolitika” saytı ilə müsahibədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Cənubi Qafqaza işgüzar səfəri çərçivəsində İrəvanda “Ermənistanın ərazi bütövlüyü Tehran üçün qırmızı xəttdir” söyləməsi barədə deyib ki, prinsipcə bütün qonşu ölkələrin ərazi bütövlüyü İran İslam Respublikası üçün “qırmızı xətt”dir. Son müharibədə elan olunduğu kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü və bu ölkənin suverenliyinin bərpası İran İslam Respublikası üçün “qırmızı xətt” olub və bu səbəbdən də o, dost, qardaş və qonşu dövlət olan Azərbaycan Respublikasının yanında yer alıb.

Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, qonşular arasında fərq böyükdür. Şübhəsiz, Azərbaycan Respublikası qonşu ölkələr arasında tarixi, mədəni və dini ortaqlıqları, həmçinin, müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın inkişafı baxımından İranın xarici siyasətində xüsusi yerə sahibdir. Bu məsələ onun son Qarabağ müharibəsində Azərbaycan Respublikasının haqlı mövqeyini, ərazi bütövlüyünü və Qarabağ torpaqları üzərində suverenliyini dəstəkləməsinə səbəb olub.

Diplomatın sözlərinə görə, İran İslam Respublikası müharibənin əvvəlində öz mövqeyini elan edən, münaqişəyə son qoyulmasını və işğal olunmuş ərazilərin müharibəsiz, qan tökülmədən geri qaytarılmasını tələb edən ilk ölkələrdən biridir. İran İslam İnqilabının Böyük Rəhbəri bununla bağlı açıq şəkildə mövqe bildirdi və işğala son verilməsinə, işğal olunmuş ərazilərin Azərbaycan Respublikasına qaytarılmasına çağırdı. İran işğal olunmuş ərazilər də daxil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və milli suverenliyini hər zaman dəstəkləyib. Əlbəttə ki, bu torpaqların müharibəsiz və qan tökülmədən sülh yolu ilə Azərbaycana qaytarılacağına inanılırdı. Ancaq təəssüf ki, Minsk Qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsini sülh danışıqları yolu ilə həll edə bilmədi. Ona görə də Azərbaycan Respublikasının bu torpaqları azad edə bilməsi İran tərəfindən müsbət qarşılanır.

Xəbəri paylaş

VİDEOLAR