Rəisi Pakistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi qiymətləndirib
Rasthaber Azərbaycan xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi şənbə günü Pakistanın yeni səfiri Məhəmməd Muddəssir Teypunun etimadnaməsini qəbul edib.
Bu görüş zamanı Rəisi iki qardaş ölkə olan İran və Pakistanın qırılmaz əlaqələri olduğunu və bu əlaqələrin ortaq din, mədəniyyət və sivilizasiyaya söykəndiyini bəyan edib.
“İran İslam Respublikasının baxışından sərhədlər iqtisadi mübadilə və qonşuların təhlükəsizliyinin artırılması üçün bir fürsətdir. Bu fürsəti hər hansı bir təhlükə faktorundan qorumaq lazımdır.”, -deyə İran prezidenti bildirib.
Rəisi Pakistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi qiymətləndirib, Amerikanın yaratdığı terror qruplarının son illər regionda, xüsusilə də İraq və Suriyada fəaliyyətinin çox dağıdıcı təsir və nəticələrinə toxunaraq, bu terror hərəkatlarının və əcnəbilərin proksi qüvvələrinin mövcudluğunu və fəaliyyətini regionun bütün ölkələri üçün təhlükə hesab edib, terrorla mübarizədə regional əməkdaşlığı alqışlayıb.