İran ABŞ və İsrailin qüvvələrinə ev sahibliyi edən qonşu ölkələrə və Fars Körfəzi hövzəsində olan ərəb ölkələrinə xəbərdarlıq edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri açıqlama verib.
O deyib: “Biz bundan öncə Xarici İşlər Nazirliyi vasitəsilə ABŞ Ordusuna ev sahibliyi edən ölkələrə yazılı şəkildə xəbərdarlıq etmişik. Hazırda region sularında müxtəlif hərbi təlimlər, kəşfiyyat nəzarətinin artırılması, hava və dənizdə monitorinqlərin artırılması, PUA və raketlərin hazırlığı ilə öz xəbərdarlığımızı bildirmişik və indi də bildiririk.”
Qeyd edək ki, nüvə danışıqlarının nəticəsinin gecikməsi və ABŞ Ordusuna məxsus B-52 bombardmançılarından ikisinin bölgəyə gəlməsi, İsrail və Səudiyyə Ərəbistanı hava qüvvələri ilə birgə uçuşlar həyata keçirməsi gərginliyi artırıb. Həmçinin İsrailin baş naziri Yair Lapid dünən F35 qırıcılarının iştirakı ilə keçirilən hərbi təlimə baxış keçirib və buradan İrana mesaj göndərib.