İran İslam Respublikasının energetika nazirinin başçılıq etdiyi nümayəndə heyəti sionist rejimin nümayəndələrinin iştirakına etiraz olaraq, Birləşmiş Ərəb Əmirliklərində keçirilən və COP 28 adı ilə tanınan Beynəlxalq İqlim Dəyişikliyi Konfransını tərk edib.
Az.rasthaber.com xəbər verir ki, İranın energetika naziri Əli Əkbər Mehrabianın başçılıq etdiyi nümayəndə heyəti cümə axşamı günü İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə gedib. O zaman sionist rejim nümayəndələrinin iştirak etməyəcəyinə dair məlumat yayılmışdı və xəbərlər və siyasi təhlillər bu rejimin son həftələrdə Qəzzədə törətdiyi dəhşətli cinayətlərdən sonra bu tədbirə qatılma riskinə girməyəcəyinə dəlalət edirdi. Lakin İranın diplomatik heyəti onların iştirakından xəbər tutduqdan sonra konfransı tərk edib.
İranın energetika naziri bu gün konfrans zalını tərk etməzdən əvvəl bəyan edib ki, 150-yə yaxın ölkənin lideri COP 28-də iştirak etmək üçün dəvət olunub və təxminlər göstərirdi ki, bu dəvətlilərin əhəmiyyətli bir hissəsi, o cümlədən sionist rejimin rəsmiləri konfransda iştirak etməyəcəklər".
O əlavə edib: "İran İslam Respublikasının nümayəndə heyəti əhəmiyyətini nəzərə alaraq, bu beynəlxalq toplantıda iştirak etmək fürsətindən Qəzzə zolağının daxilindəki şəraiti bəyan etmək, müxtəlif ölkələrin rəsmiləri və nümayəndə heyətləri ilə danışıqlar aparmaq və məzlum Fələstin xalqını müdafiə etmək üçün istifadə etmək niyyətində idi. Lakin dərc olunan məlumatlar sionist rejim başçısının bu görüşdə iştirak etmək üçün konfransın keçirildiyi şəhərə getdiyini göstərir".
Mehrabian davam edib: "Buna uyğun olaraq, İran nümayəndə heyəti beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi fenomeni ilə mübarizədə fəaliyyəti və tərəqqisini qiymətləndirməyə əsaslanan iqlim dəyişikliyi konfransında saxta sionist qurumun siyasi, qərəzli və yersiz iştirakını bu konfransın məqsəd və strategiyalarına zidd hesab edir və buna etirazını bildirmək üçün iclas zalını tərk edir".
Maraqlıdır ki, sionist rejim başçısının iqlim dəyişikliyi konfransında iştirak etmək üçün BƏƏ-yə səfəri ilə eyni vaxtda sionist rejimin Qəzzə zolağında dinc əhaliyə qarşı hücumlarının yeni dalğası başlayıb, nəticədə çoxlu şəhid və yaralı var.