İordaniya kralı II Abdulla ofşor firmalar şəbəkəsi vasitəsi ilə ABŞ və Böyük Britaniyada ümumi dəyəri 100 milyon dollar olan 15 obyekt alıb.
Az.rasthaber.com “RİA Novosti”yə istinadla xəbər verir ki, belə bir iddia ilə mənzil-qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq jurnalist tədqiqatları konsorsiumu (ICIJ) çıxış edib.
Materialda II Abdullanın 2012-2014-cü illər aralığında Vaşinqtonun tarixi hissəsində ümumi qiyməti 13,8 milyon dollar təşkil edən 4 mənzil əldə etdiyi bildirilir. Həmçinin Kalifornyadakı villanın (33,5 milyon) da krala aid olduğu yazılır. Daha sonra, 2015-2017-ci illərdə villanın yaxınlığındakı daha iki ev kral ailəsinin nəzarətinə keçib.
Sənədlərdə II Abdullanın 2003-2011-ci illərdə Londonda və şəhər ətrafında 8 obyekt alması da qeyd olunub. Onların bazar qiyməti 38 milyon dollar təşkil edir.
Bu arada kralın vəkilləri bəyan ediblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Onların sözlərinə görə, bütün mənzillər Abdullanın şəxsi vəsaiti hesabına əldə edilib. Ofşor şirkətlərdən isə nəyisə gizlətmək deyil, sadəcə məxfiliyi qorumaq və təhlükəsizliyi təmin etmək üçün istifadə olunub.